Muzeyi haqqında məlumat
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
1934 – cü ildə yaradılmışdır. Muzeyin
yaradıcısı və ilk direktoru görkəmli teatr
xadimi, Bakı Teatr Texnikumunun direktor müavini, pedaqoq,
Bakı Türk İşçi Teatrının əməkdaşı
Ağakərim Şərifov olmuşdur.
Bu işdə ona Azərbaycanın görkəmli ziyalı
və maarifçilərindən Üzeyir Hacıbəyli,
Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı,
Əzim Əzimzadə, Əziz Şərif və digər
sənət korifeyləri böyük dayaq olmuşlar.
Muzey 1935 – ci ildən Azərbaycanın dahi dramaturqu Cəfər
Cabbarlının adını daşıyır.
Bu gün muzeyin əsas fondunda 130.000 – dən artıq
eksponat qorunur. Bunlar milli teatrın yaranma tarixini, inkişaf
yollarını, teatr korifeylərimizin həyat və
yaradıcılığını özündə əks
etdirir. Fondumuzda qorunan materialların böyük əksəriyyəti
orijinaldır.
Muzeydə üç fond: arxiv – memuar, eskiz – maket, foto
– neqativ fondları, iki şöbə: fonoteka, ekspozisiya
– kütləvi şöbələri, bir kitabxana və
foto – laboratoriya fəaliyyət göstərir. Arxiv –
memuar fondunda müxtəlif tamaşaların nadir proqram
və afişaları, əlyazmalar, rol dəftərləri,
məktublar, rejissor eksplikasiyaları, teatr kostyumları,
rekvizitlər, şəxsi əşyalar və sair şəxsi
arxivlərdə cəmlənərək qorunur.
Bu sırada Hüsyen Ərəblinskinin, Hüseynqulu
Sarabskinin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin,
Cəfər Cabbarlının, İsmayıl Hidayətzadənin,
Sidqi Ruhullanın, Aleksandr Tuqanovun, Mirzə Ağa Əliyevin,
Cəfər Cəfərovun, Ədil İskəndərovun,
Mehdi Məmmədovun, İmran Qasımovun, Qürbət
Qurbanovun, Həqiqət Rzayevanın, Möhsün Sənaninin,
Ələsgər Ələkbərovun, Barat Şəkinskayanın,
Hökümə Qurbanovanın, Məmmədkamal Kazımovun,
Amaliya Pənahovanın və onlarla belə sənətkarların
şəxsi arxivlərini, onlara məxsus yazılı
sənədləri və xatirə əşyalarını
misal göstərmək olar.
Bundan əlavə, fondda nadir kiatblara da rast gəlinir.
M. F. Axundzadənin 1853 – cü ildə Tiflisdə nəşr
olunmuş povest və komediyaları, 1923 – cü ildə
nəşr olunmuş « Azərbaycan türk teatrının
müxtəsər tarixçəsi », 1928 – 29 – cu illərdə
çapdan çıxmış rusca – türkcə lüğətlər
bu nümunələrdəndir. Fondda 26.701 adda eksponat
qorunur.
Foto – neqativ fondunda tamaşalardan, sənətkarların
həyat və yaradıcılığının ən
maraqlı məqamlarından çəkilmiş foto və
neqativlər mühafizə olunur. Burada müxtəlif
illərə aid fotoşəkillər, ötən əsrin
əvvəllərində şüşəyə çəkilmiş
neqativlər, eləcə də Abbas Mirzə Şərifzadə,
Ülvi Rəcəb, Kazım Ziya, Mərziyyə Davudova,
Əzizə Məmmədova, Sona Hacıyeva, Şövkət
Məmmədova, Bülbül, Həqiqət Rzayeva, Qəmər
Almaszadə və bu kimi sənətkarlara dair materiallar
toplanıb. Ümumilikdə fondda 49.634 adda eksponat var.
Eskiz – maket fondunda isə teatr rəssamlarının
səhnə tərtibatına və geyimlərə verdikləri
eskizlər, tamaşaların müxtəlif pərdələrini
görükdürən maketlər və sairə mühafizə
olunur. Teatr rəssamlarından Əzim Əzimzadə,
Rüstəm Mustafayev, İsmayıl Axundov, Mixail Tixomirov,
Nikolay Ovçinnikov, Qəzənfər Xalıqov, Nüsrət
Fətullayev, Mikayıl Abdullayev, İzzət Seyidova,
Bədurə Əfqanlı, Kazım Kazımzadə,
Ənvər Almaszadə, Əyyub Fətəliyev, Həsən
Mustafayev, Altay Seyidov, Sergey Yefimenko, Elçin Aslanov, Elçin
Məmmədov və başqalarının müxtəlif
tamaşalara çəkdiyi bir sıra eskizlər məhz
burada qorunur.
Hazırda fondda 9.430 adda eksponat saxlanılır. Fonoteka
şöbəsində keçən əsrin teatr tamaşalarının,
ayrı – ayrı sənətkarların səslərinin
yazıldığı lent yazıları qorunur. Cabbar
Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Məcid
Behbudovun və bu kimi ustad sənətkarların ifaları
olan qrammafon valları şöbənin ən qədim
eksponatlarındandır. Abbas Mirzə Şərifzadənin
«Şeyx Sənan», «Hamlet» tamaşalarındakı
monoloqu, Mərziyə Davudova, Sidqi Ruhulla, Fatma Qədri,
Ələsgər Ələkbərov, Mirzə Ağa
Əliyev, Hökümə Qurbanova və digər teatr
korifeylərimizin səsləri yazılmış lent
yazıları, müxtəlif tamaşalardan parçalar
bu şöbədə saxlanılır.
Hazırda şöbədə 180 adda eksponat toplanıb.
Muzeyin kitabxana fondu ədəbi tənqidə, teatr tənqidinə
və tarixinə, sənətkarların həyat və
yaradıcılıqlarına həsr olunmuş nəşrləri
əldə edərək oxucuların istifadəsinə
verir. Bunların sırasında C.Cəfərovun «Dramaturgiya
və teatr», Q.Məmmədlinin «Azərbaycan teatr salnaməsi»,M.Məmmədovun
«Teatr düşüncələri», İ.Kərimovun
«Azərbaycan peşəkar teatrının tarixi və
inkişaf mərhələləri», «Gənclik və
gözəllik teatrı», A.Talıbzadənin «Ustad və
ayna», İ. Rəhimlinin «Üç əsrin yüz otuz
ili», A. Şərifovun «Azərbaycanda türk teatr tarixinin
materialları» , Ə. Ələkbərovun «Sona Hacıyeva»,
Ə. Əliyevanın «Bizim GTT», «H. Ərblinski», adlı
kitabları qeyd edə bilərik. Kitabxanada 4.000 adda material
saxlanılır.
Muzeyin fondu daim yeni materiallarla zənginləşir. Elmi
əməkdaşlar teatrlarla sıx əlaqə saxlayır,
hər ilin teatr mövsümünə dair materialları
muzeyə toplayırlar. Eləcə də muzeyin fotoqrafı
repertuarda olan tamaşaların foto – çəkilişlərini
aparır. Muzeyimiz tərəfindən bu günə qədər
toplanan və mühafizə olunan materiallar teatr tariximizlə
bağlı yeni tədqiqatlar üçün əvəzedilməz
xəzinədir. Təsadüfi deyil ki, muzey 2004 – cü
ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən
«Azərbaycan teatr tarixinə dair materialların toplanılması
və qorunmasına görə» Qızıl Dərviş
mükafatına layiq görülmüşdür.
Muzeyin 7 zaldan ibarət ekspozisiyası teatr mədəniyyətimizi
əks etdirən tarixi xronologiya üzrə qurulmuşudur.
Burada Azərbaycan peşəkar teatrının yaranma
tarixindən 1873 – cü ildən başlayaraq teatrın
təşəkkül dövrü, inkişafı, professionallaşması
və milliləşməsi prosesilə, müxtəlif
teatrların yaranması və fəaliyyəti ilə
bağlı tam təəssürat yaranır. İlk
zalda xalq oyunlarında rast gəlinən teatr elementlərini
əks etdirən rəsmlər, Azərbaycana Avropa mədəniyyəti
gətirmiş maarifçilərimizə, teatr korifeylərimizə
həsr olunmuş guşələr, peşəkar teatrımızın
ilk tamaşasının afişası və s. nümyaiş
etdirilir.
Azərbaycanın ilk faciə aktyoru H. Ərəblinskinin
Ə.B.Haqverdyevin «Ağa Məhəmməd Şah Qacar»
əsərindəki Qacar obrazına tikilmiş kostyumu
və rekvizitləri, XX əsrin əvvəllərində
ipək parçalar üzərində yazılmış
afişa və proqramlar tamaşaçılarda olduqca böyük
maraq doğurur. Milli Dram Teatrının yaradıcılıq
yolundan bəhs edən 2 – ci zalda teatr tariximizdə misilsiz
xidmətləri olan və böyük sənətkarlıq
nümunələri yaratmış dramaturq, rejissor və
aktyorlarımıza aid sənədlər, foto – şəkillər,
kostyumlar, xatirə əşyaları, müxtəlif
obrazlara çəkilmiş geyim eskizləri, şəkillər
və tamaşaların müxtəlif pərdələri
üçün qurulmuş səhnələrin maketləri
sərgilənir. Şərqdə və Avropada çox
məşhur olan Azərbaycan musiqisi, opera və balet
sənəti haqqında materiallar 3 – cü zalda əks
olunub.
Bu zalda tamaşaçılara təqdim olunan «Leyli və
Məcnun» operasının premyera afişası da qədim
və nadir sənədlərdən biridir. Operetta janrında
ilk tamaşaının proqramı, Azərbaycan Dövlət
Musiqili Komediya Teatrının, Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının, Azərbaycan
Dövlət Kukla Teatrının yaranma tarixi və yaradıcılığı
ilə bağlı sənədlər 4 – cü zalda toplanıb.
Milli peşəkar teatrın ayrılmaz hissəsinə
çevrilən Azərbaycan Dövlət Rus Dram Teatrına
aid afişalar, foto – şəkillər, maketlər, eskizlər,
kostyum və kuklalar 5 – ci zalda nümyaş olunur.
Zaqafqaziyanın zəngin ənənəli ilk peşəkar
Tiflis – Azərbaycan Teatrının, İrəvan Dövlət
Azərbaycan Dram Teatrının, bölgə teatrlarının,
o cümlədən ötən əsrin 90 – cı illərində
yaranmış bir sıra yeni teatrların tarixini əks
etdirən eksponatlar 6 – cı zalda sərgilənir. Muzeyin
sonuncu, 7- ci zalı sərgi zalı kimi fəaliyyət
göstərir və vaxtaşırı burada şəxsi
kolleksiyalar və fond materialları əsasında müxtəlif
mövzularda sərgilər nümyaiş olunur.
Muzeydə müntəzəm olaraq teatr tariximizlə,
korifey sənətkarlarımızın həyat və
yaradıcılıqları ilə bağlı yubiley
sərgiləri hazırlanır, xatirə gecələri,
tədbirlər keçirilir, mühazirlər oxunur. İl
ərzində mütəmadi olaraq ayrı – ayrı vətəndaşlara,
müxtəlif idarə və təşkilatlara, təhsil
və mədəniyyət ocaqlarına, mətbuat orqanlarına,
televiziya kanallarına fond materialları ilə metodiki
köməklik göstərilir. Respublikamızda fəaliyyət
göstərən bir sıra muzeylərin açılmasında
Teatr Muzeyi fond materialları ilə yaxından köməklik
etmişdir.