Burada
milli teatrın yaranma tarixindən, ilk teatr fədailərimizdən,
korifey sənətkarlarımızdan söhbət açılır,
XIX əsrin sonları – XX əsrin əvvəllərində
Azərbaycan pəşəkar teatrının təşəkkül
dövründən bəhs olunur. Xalqımızın
qədim adət və ənənələrində,
məişətində, bayram şənliklərində,
inancları ilə bağlı rituallarında aşkarlanmış
teatr elementlərini təsvir edən rəsmlər, maarifçilərimizin,
teatr fədailərimizin fəaliyyətinə həsr
olunmuş guşələr diqqəti çəkən
ilk obyektlərdir.
Milli dramaturgiyamızın banisi Mirzə Fətəli
Axundzadənin « Sərgüzəşti – vəziri – xani
Lənkəran » pyesi əsasında hazırlanmış
teatr tamaşasının 1873 – cü ildən saxlanılmış
afişası seyrçilərdə böyük maraq doğurur.
Dramaturqun arxivindən tapılan və bu gün muzeydə
qorunan afişa ilk tamaşanın həqiqətən
« Lənkəran xanının vəziri » olduğunu təsdiqləyən
sənəd kimi, teatrın « doğum şəhadətnaməsi
» kimi olduqca qiymətli eksponatdır.
Muzeyimizdəki ən « yaşlı » foto 1888 – ci ildə
ilk teatr truppasının üzvləri toplaşmış
şəkildir. Həbib bəy Mahmudbəyovun truppasının
fotoşəkli. O dövrün ziyalıları, teatr
həvəskarları, geyim dəbi – nələri görükdürmür
bu eksponat. Bu sırada əski əlifba ilə ipək
parça üzərinə yazılmış proqramlar,
rəngi avazımış köhnə afişalar muzeyə
gələn hər bir kəsi həmin dövrün teatr
ab – havasına, cazibəsinə salır.
İlk komediya aktyorumuz Cahangir Zeynalov muzeydə bir neçə
fotoşəkil və proqramlarla təqdim olunur. Aktyorun
müşahidələrindən və elmi – nəzəri
fikirlərindən ibarət « Teatro dəftərçəsi
» adlı kiçik həcmli risaləsi teatr mədəniyyətimiz
üçün son dərəcə dəyərli eksponatdır.
Maraq doğuran guşələrdən biri də Azərbaycanın
ilk peşəkar faciə aktyoru, bir sənətçi
kimi mürəkkəb tale yaşamış Hüseyn
Ərəblinskiyə məxsusdur.
Burada aktyorun bir neçə sənədi, «Ağa Məhəmməd
Şah Qacar» tamaşasında Qacar rolunu ifa edərkən
geyindiyi libası, tacı və qılıncı nümayiş
olunur.
Bakıdan öncə, 1904 – cü ildə Azərbaycanın
qədim şəhərlərindən biri olan Şuşada
Uilyam Şekspirin « Otello » tamaşası oynanılır.
Haşım bəy Vəzirovun tərcüməsində
və quruluşunda, həm də onun iştirakı ilə
oynanılan bu tamaşanın fəxri bileti bu gün
Teatr Muzeyinin ekspozisiyasındadır.
Maraqlı guşələrdən biri də Azərbaycanın
ilk qadın dramaturqu Səkinə xanım Axundzadəyə
həsr olunub. O, dərs dediyi qız məktəbinin
şagirdləri ilə birlikdə 1904 – cü ildə
Nəcəf bəy Vəzirovun «Yağışdan çıxdıq,
yağmura düşdük» komediyasını tamaşaya
hazırlayır. Səkinə xaınm bu tamaşada oynayan
qızların hər birinə gümüşdən
döş nişanı hazırlatdırır. Nişanın
bir üzünə aktrisa qızın adını və
tamaşanın tarixini, o biri üzünə isə «teatr»
sözünü və rolun adını həkk etdirir.
Həmin nişanlardan biri muzeyimizə hədiyyə edilib.
XX yüzilliyin əvvəllərində qadın rollarında
çıxış etmiş kişi aktyorların fotoşəkilləri
də müsəlman mədəniyyətinin faktı
kimi diqqəti özünə çəkir. Həmin sırada
ilk azərbaycanlı qadın aktrisa Göyərçin
xanımın fotosunu görüb tanımaq, onunla bağlı
maraqlı olan nə varsa eşidib öyrənmək
olar.
Qədim eksponatlar arasında bir neçə musiqi aləti
də qoyulub. Onların içərisində bu gün
Azərbaycanda yeganə nümunə kimi Teatr Muzeyində
saxlanılan çaqanə da var. Burada XX əsrin əvvəllərində
Sidqi Ruhullanın başçılığı ilə
Yaxın Şərq və Orta Asiya ölkələrinə
təşkil olunan qastrol səfərlərinin afişaları
da sərgilənir. Görkəmli Azərbaycan maarifçisi
və dramaturqu Cəlil Məmmədquluzadənin yazıçı
– jurnalist fəaliyyətini və ictimai – siyasi mübarizəsini
əks etdirən guşə də çox maraqlıdır.