II ZAL

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı


Burada səhnə sənətimizin yüksək peşəkarlıq səviyyəsinə çatmasında əvəzsiz xidmətləri olan Cəfər Cabbarlı və Hüseyn Cavid epoxası bir sıra sənədlər, bu dramaturqların yetişdirdiyi aktyor nəslinin yaradıcılığını əks etdirən fotoşəkillər, yağlı boya ilə işlənmiş portretlər vasitəsilə görükdürülür.

Milli Dram Teatrının tarixinə həsr olunmuş guşələrdə istedadlı rejissorlar İsmayıl Hidayətzadə, Ədil İskəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov yaradıcılığına dair materiallar seyrçilərə teatrın ənənələrindən və rejissorluq məktəbindən söz açmağa geniş imkan yaradır.

Zalda həmçinin milli dramaturgiyamızın ən görkəmli simalarından olan Səməd Vurğunun, Mehdi Hüseynin, Sabit Rəhmanın, İlyas Əfəndiyevin, Bəxtiyar Vahabzadənin, Anarın və digər yazıçıların əsərlərinin səhnə təcəssümü haqqında da ətraflı söhbət açılır. Qüdrətli səhnə ustalarımızın milli və xarici əsərlərdə yaratdığı rollar qalereyası da sərgilənən fotolarda öz əksini tapır.

Teatrın səhnəsində Mirzə Ağa Əliyev, Sidqi Ruhulla, Mərziyə Davudova, Əzizə Məmmədova, Sona Hacıyeva, Hökümə Qurbanova, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Əli Zeynalov, Səməndər Rzayev kimi sənətkarlar yetişmişlər.