Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da Muzeydə
maraqlı materiallarla təqdim olunur. Üzeyir Hacıbəylinin
1910 – cu ildə oynanılmış ilk operettası «Ər
və arvad» tamaşasının proqramı, «Arşın
mal alan», «O olmasın, bu olsun» tamaşalarına çəkilmiş
dekorasiya eskizləri və onlarla bu kimi maraqlı eksponatlar
qarşısında ayaq saxlamamaq mümkün deyil.
Bu fikri eyni zamanda Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı barəsində
də söyləmək doğru olar. 1930 – cu ildə
Qriqori Kornellinin «Qırmızı qalstuk əleyhinə»
tamaşası ilə fəaliyyətə başlayan
Bakı Uşaq Teatrının adı 1936 – cı ildən
dəyişdirilərək Gənc Tamaşaçılar
Teatrı adlandırılır.
Tetarın repertuarında milli klassiklərimizdən Mirzə
Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun,
Cəfər Cabbarlının, dünya ədiblərindən
Fridrix Şillerin, Jan Batist Molyerin, Nikolay Qoqolun və
başqalarının əsərləri oynanılmışdır.
Teatrda Məhərrəm Haşımov, Ulduz Rəfili,
Zəfər Nemətov kimi görkəmli rejissorlar, Ağadadaş
Qurbanov, Süleyman Ələsgərov, Yusif Vəliyev,
Əliağa Ağayev, Susanna Məcidova, Firəngiz Şərifova,
Hüsyenağa Sadıqov, Məmmədağa Dadaşov
kimi aktyorlar yetişmişlər. Muzeyin ekspozisiyasında
bu teatrın keçdiyi yaradıcılıq yolu ilə
yaxından tanış olmaq məqsədilə müxtəlif
illərdə teatrın səhnəsində oynanılmış
tamaşalardan foto – şəkillər, proqram və afişalar,
sənədlər, eskizlər nümyaiş olunur.
Azərbaycanda Kukla Teatrının kökləri qədim
dövrlərə təsadüf edir.Teatrın Dövlət
səviyyəsində təşəkkülünün
təşəbbüskarı və yaradıcısı
isə Mollağa Bəbirli olub. Teatırın « Sirk »
adlanan ilk tamaşası 1932 – ci ildə oynanılıb.
İlk illərdə kollektivdə Mollağa Bəbirli,
Ziynət Abbasova, Əli Əsgərov, Münəvvər
Dadaşova, Həcər Ələsgərova və başqaları
çalışıblar. İlk illər məxsusi kukla
teatrı üçün nağıl – pyeslər olmadığına
görə truppa tərcümə və təbdillər
əsasında « Ayıq ol », « Əsl vəsait » və
s. tamaşalar hazırlanırdı. Kukla teatrı illər
boyu formalaşdıqca yeni əsərlər meydana gəlirdi.
Bu yolda ilk addımı gənc şair Mirmehdi Seyidzadə
atıb. Onun «Nərgiz» pyesi uzun illər teatrın repertuarında
müxtəlif quruluşlarda göstərilib. Sonralar
teatrın səhnəsində «Göyçək Fatma»
( Mirvarid Dilbazi ), «Keçinin qisası» ( Əyyub Abbasov
),«Cırtdan» ( Mirmehdi Seyidzadə ), «Üç nağıl»
(Abdulla Şaiq), «Qaravəlli» ( Anar ), «Müsyö Jordan
və Dərviş Məstəli Şah» ( Mirzə Fətəli
Axundzadə ), «Cunquş» ( Xanımana Əlibəyli ),
«Cik – cik» ( Əli Səmdli ), «Bülbülün nağılı»,
«Oloye Lukoye və yaxud sehirli çətirlər» ( Hans
Xristian Andersen ), «Qızıl xoruz» ( Aleksandr Puşkin
) və s. ən uğurlu tamaşalardan olub.
Muzeyin ekspozisiyasında teatırn yaradıcılq yolunu
əks etdirən proqram və afişalar, eskizlər,
tamaşalardan fotolar nümyaiş etdirilir.