Yeniliklər
29 aprel 2014-cü il tarixində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi görkəmli yazıçı və dramaturq, şair-tərcüməçi, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 115 illyi münasibətilə ədibin ev muzeyi ilə birgə tədbir keçirilmişdir.
Teatr Muzeyinin elmi işlər üzrə direktor müavini Sevinc Mikayılova tədbiri giriş sözü ilə açaraq Cabbarlının təkcə dramaturq deyil, həmçinin dövrünün qabaqcıl ziyalılarından biri kimi Azərbaycan incəsənətində, mədəniyyətində dərin iz buraxdığını və Teatr Muzeyinin yaradılmasında xüsusi xidmətləri olduğunu vurğulamışdır.
Sonra o, sözü qonaqlara vermişdir. Tədbirdə çıxış edən Milli Elmlər Akademiyasının əməkdaşları, filologiya elmləri doktorları, professorlar Asif Rüstəmli və Rəhim Əliyev ədibin həyat və yaradıcılığından, üzləşdiyi haqsızlıqlardan geniş söhbət açmış, onun yaradıcılığının həmişəyaşar olduğunu qeyd etmişlər.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının söylədiyi şeirlər, Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin ifasında təqdim olunan Cəfər Cabbarlının şeirlərindən ibarət bədii kompozisiya, “Aydın” tamaşasından bir parça, müğənnilər Rəşad İlyasov və Mehri Əsədullanın ifa etdikləri Cabbarlının şeirlərinə yazılmış mahnılar iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Tədbir boyu dramaturqun ev muzeyi və Teatr Muzeyi tərəfindən hazırlanmış, Cabbarlının həyat və yaradıcılığını, əsərlərinin səhnə həyatını əks etdirən video çarxlar nümayiş olunmuşdur.
Tədbirin sonunda çıxış edən ədibin ev muzeyinin direktoru, nəvəsi Qəmər Seyfəddin qızı gələn qonaqlara öz təşəkkürünü bildirmiş və bunu dramaturqun xatirəsinə böyük hörmət kimi qiymətləndirmişdir.